Dunkirk/Theme song-Danışan bir musiqidir

 
  Hiss etmək... Hiss etmək... Daha dərindən musiqini hiss etmək “Limbik Sistem”in üzərində xüsusi rollar oynayır. Duyğularımızı yaradan və tənzimləyən bu sistem musiqi dinlədiyimiz anlarda da bizi kədərli və yaxudda şən bir hala salmış olur. Məsələn: Özünüzü buludların üzərində hiss etmək istəyirsinizsə, onda meditasiya melodiyalarını, pozitiv enerjili pianinolar dinləməyinizi tövsiyyə edirəm. Əgər buludları da dəlib keçmək istəyirsinizsə. O zaman Hanz Zimmerin musiqilərini mütləq şəkildə dinləməlisiniz. Onda siz özünüzü kainatın dərinliklərində hiss edəcəksiniz. Sanki ordakı ulduzlardan birinə toxunurmuşcasına. Bunu daha çox “Insterstellar” filmi üçün olan musiqilərində edə bilərsiniz. Sizə elə bir xəyali görüntülər qurmağınıza yardım edəcək ki, uçub da yerə enməməyi istəyəcəksiniz.
  Bu başqa bir musiqidir. Burda səmaları gəzməyəcəksiniz. Müharibə saatının ən qızmar dəqiqələrində özünüzü hiss etmək dərəcəsində ola bilərsiniz. Torpağın üzərində əyləşib vərəqə nələrisə yazdığınızı, keçmiş xatirələrin necə bir güllə kimi üzərinizə gəldiyini hiss edərsiniz. Bu an ölmək yoxdur. Düşünmək və müharibənin vaxtını dondurmaq vardır. Dənizə doğru qaçmaq istəyirsiniz, amma hər tərəf quraqlıqdır. Çünki, bir dəniz yoxdur. Sadəcə xəyali görüntüyə aldanırsınız. Bir növ halusinasiya görürsünüz. Üzünüz palçıqlı, dırnaqlarınız çirkli, ancaq siz özünüzü düşünməyə vadar edirsiniz. Ağlamaq hissi bürüyür gözlərinizi. Bu vaxt bir-iki damcı təmiz göz yaşı axır və göyərçinlər müharibənin ortasında peyda olur. Saçları dağınıq bir qadın da ortaya çıxır, toz dumanın içində. Siz onun gözlərində boğulmaq istərdiniz. Lakin, sizi səsləyirlər ölümün ardından. Ancaq hər şeyi fəda etməyə hazır olacaq dərəcədə qaçırsınız ona doğru. Göyərçinlər ölür, evlərin daşları uçulur, səmalar sakit. Şəhər uçquna yuvarlanır. İnsanların qanı üzünüzə sıçrayır. Sizin ayağınız dəfələrcə axsayır və torpağın üzərinə yıxılırsınız. İmtina etməyin zamanı deyil düşünürsünüz. Ayağa qalxıb irəliyə doğru qaçırsınız. Və hər yer toz dumanın içindədir. Sən onu itirdin... Bacarmadın... Bax bitti döyüş, ancaq yoxdur qəhvəyi saçlı qadın... İçindəki səslər sizi boğur. Onlar sizi kəlimələri ilə didməyə çalışırlar. Elə bu an əllərinizə toxunan həmin qadın olur. Üzünüzdəki palçığı silə bilmədən ona sarılırsınız. Onun ağ libası çirklənir. Lakin, bu indi kimin vecinə?! Susuzluğunuzu onun dodaqlarında öldürürsünüz. Möhkəm öpün onu. Və bir də heç zaman bir müharibə saatı olmasın.
  Bu musiqi sizə bir çox görüntünü izləməyə vadar edə bilər. Bunun üçün sadəcə qulaqcığı taxıb beyninizin daxilindəki qara ekranda, görüntülənən kadrları dərindən izləməyinizdir. Hanz Zimmer “Dunkirk” filmi üçün yenə öz üslubunda danışa bilən musiqi bəstələyibdir. Səssizlik höküm sürür. İnsan bu musiqini dinləyərkən gözlərinin qırpınması çox az hallara təsadüf edir. Ən azından məndə belədir. Ürəyin ritmi sakitləşir. Ancaq yenə də təkrar edirəm müharibə saatını hiss edə biləcəksiniz. Kədərli anların baş vermə vaxtına toxunacaqsınız. Sizinlə gözəl bir ünsiyyətdə olacaqdır, bu aşağıdakı musiqi. İstərsəniz gözlərinizi yumun və dinləyin.

Yorumlar

Bu blogdaki popüler yayınlar

BİZ BELƏ DEYİLİK, HƏYAT BELƏDİR

Müəllim və Rüşvət

Ceyhun Məmmədov-Dünya sənin ətrafında dönür