Ceyhun Məmmədov-Həblər
Qalstuklu insanları sevmirəm. Nifrət etmək
qabiliyyətim yoxdur, sadəcə sevməmək hissəsinə malikəm.
Saat təxminən 3-4 radələri idi. Günəş həmin
zaman mənimlə saçlarını bölüşürdü. Amma bu saçları kəsəcək şəxslər olur. Məsələn:
Bu qalstuklu insanların etdiyi kimi. Əllərində fərqli rənglərdə, üzərində
adları olan həblər uzatdılar mənə. Diqqətlə həblərə baxdım. Birinin üzərində təhsil, digərində hərbi xidmət, o
birində iş, dövlətə xidmət və sonuncusunda ölüm deyə üzərlərində yazılar olan həblər
gördüm. Hər biri də fərqli rənglərdə idi. İki qalstuklu insan, qarşımda sadəcə
eləcə dikilib mənə baxırdılar. Biri həbləri göstərir digəri isə bir stəkan suyu
mənə təqdim edirdi. Həyatın bundan ibarət olmadığına əminliyim yarandı. Şüphəsiz
bu rənglər insan tərəfindən hazırlanıb irəli sürülən bir xüsusiyyətlər idi. Dərmanlara
nifrət edirəm. Böyük bir baş ağrısında belə spazmalqon dərmanını heç qəbul
etmirəm, neçə ildir. Ancaq bilmədim necə oldu və mən o qalstuklu insanların mənə
verdikləri həbləri boğazımdan keçirtdim. Yadıma gəlir ilk dəfə uşaq vaxtımda
valideynlərim, cəmiyyət özü mənə buna bənzər həblər vermişdilər mənə. Onda anlamadım.
Axı, uşaqlar dərmanları şirin bir konfet bilirdilər.
İmtina deyə bir bina inşa edirəm. Şeytan
deyir ki, köhnə yerləri yıxmaq üçün yeni bir dalğa kimi gəl. Mənimlə danışa biləcək
bir gücə malik varlıqdır o. Bir çox yerləri sökdüyümün fərqindəyəm. Amma bir
boş ərazi əmələ gətirmək deyəsən vacibdir. Dünyanı kərpiclərlə inşa etməyi hər
kəs anlamır. Bu kərpiclər satılmayacaq qədər puldan dəyərlidir. Çünki, onlar
bir fikirdir.
Yorumlar
Yorum Gönder