Ceyhun Məmmədov-Əyləş və dincəl
Düzdür, yorulduğumu hiss edirəm. Razıyam səninlə.
Bunlar çox insanlarda olur. Amma bu da keçir, hər şey keçib getdiyi kimi. Və
yaxud da insanların arxaya dönüb getməsi kimi. Qəribədir, bir qadın sevərsən
çıxıb gedər. Bir heyvanı oxşayaraq onu əzizləyərsən, o da gedər. Akvariumda bir
balığa baxarsan, səhəri gün isə ölərək səni tərk etmiş olduğunu görərsən. Sevdiyin
bir bitki baxçanda olar, günün birində də o da solub gedər.
Bu şəhərdə hamı gedir. Getməyən, sadəcə xatirələrdir. Getməyən, ancaq düşüncələrdir.
Hansı yerə cəhənnəm olursan ol, xatirələrini, düşüncələrini hiss edərək
daşıyacaqsan. Dəyişən heç nə yoxdur. Hər kəs gedəcək və sənə qalan sadəcə foto
şəkillər olacaq. Amma onlara nə sarılmaq olur, nə də ki, öpərək hiss etmək.
Onlara sadəcə baxıb, ağlamaq olur. Ya da dodaqlarına gic bir gülümsəmə
qondurmaq. Bundan başqa heç bir işə yaramırlar. Bəs sən nə işə yarayırsan? Axtarmaqdan
savayı. Ay da bir dəfə bu sualı özünə ver. İnsan öz-özünə sual verməyi
bacarmalıdır. Daha durub xoşbəxtliyi
axtarmaqla olmur. Qarnım toxdur. Xoşbəxtliyi istəməyəcək qədər uzağam. İnsan
qadınını bir ömür boyunca sevmək istər. Deyəsən elə birisini tapmaq lazımdır ki,
getməyi bacarmasın. Amma mümkün deyil. Hara dönürsən-dön sonda yalnız
qalacaqsan. Elə mən də, elə sən də, elə biz də. Ölüm bədənimizə yapışıb. Sevdiyin
şəxs yanındadırsa, bir qələm götür bir-iki cümlə yaz. İçində onun gözlərindən,
saçlarından danışacaq cümlələr olsun. Güzgü ona gözəlliyini göstərməmiş, sən
ona gözəlliyini ifadə et. Sən onun güzgüsü ol. O, getməmiş bunları et. Çünki, ölüm
hər yerdədir. Nə isə... Daha bəsdir, əyləş və dincəl. Qaçmaq yorur insanı. Bu
belə davam edə bilməz. Axı çətin deyil bir soyuq daşın üzərində əyləşib, dincəlmək.
Burax biraz da xoşbəxtlik səni axtarsın. O, da küçələr də gəzib-dolaşır. Harda
kədərli adam var ona yapışır. Qısa müddətlik, sadəcə qısa müddətlik.
Yorumlar
Yorum Gönder