Ceyhun Məmmədov-Tanrının notları
Getmək istər insan. Kimisi bilmədiyi yerə,
kimisi isə ovucunun içinə yazdığı ünvana tələsər. Amma getmək istər, gec
olmadan. Bəziləri dənizi sevər. Ordan kiminsə gələcəyini gecə və gündüz gözləmiş
olar. Amma hamı gözləməz. Müəyyən şəxslər gəmiyə minər və çox uzaqlara gedərlər.
Hardadır o, uzaqlıq?! Nədir o elə?! Niyə bu qədər onu çox sevirik?! Uzaqlıq…
Uzaqlıq… Uzaqlıq… Elə özümüzük. Bizlər həm özümüzə yaxın, həm də uzaq
varlıqlarıq. Səssizlik axtararkən sadə yollara əl ata bilərik. Deyəsən özümüzdən
uzaqlaşmaqla. Bu sadə bir yoludur, amma dözülməzdir. İnsan özündən uzaqlaşmaq
üçün heç nəyə əl atmaz. Halbuki, müddətlik öz daxilindən uzağa qaçmaq lazımdır.
Çünki, geri dönərkən, darıxmış vəziyyətdə olacaqsan. Özün o qədər doğma gələcək
ki, sənə. Səhvlərini anlamaq üçün yetərli olacaqdır.
Sən, dəniz və gəmi. Qolundakı saatı isə
okeanın dibinə tullamaq lazımdır. Bütün saatlar yenə dayanmaz, doğrudur. Amma sən
öz zamanını dayandır. Səssizlik onda hökm sürəcək. Zaman bir dərman deyil.
Zamanın elə özü insanı öldürür. Əqrəbləri işləməyən bir saat isə sənin ölüm
hökmünü oxumur. Sadəcə müddətlik səssizliyə qərq olmağına kömək edir. Dənizin
havasını hiss et. Sürətli gedən bir gəmi, səni küləklə üz-üzə qoyub. Özünü tərk
et ki, son da özün üçün darıxıb, geri dönə biləsən. İnsan eyni, periodik halda
olanda sıxılır. Axı nə qədər olar özünlə olmaq. Bu bezməyə səbəb ola bilir. Ona
görə də darıxmaq üçün sahə ayır. Dalğaların səsində sanki bir musiqi var.
Bilirsən?! Səssizlik özü belə bir musiqidir. Amma o, Tanrının daha çox sevdiyi
musiqi halıdır. Səndə də var. O, səssizlik musiqisini dinləməyə çalış. Tanrının
ən mürəkkəb notları onlardır.
Yorumlar
Yorum Gönder