İndiki
zamandayıq dostum. Keçmiş, arxa qapıların birində qaldı. Gələcək isə önümüzdə
duran qapının arxasındadır. Amma deyəsən bu qapıları tez-tez açıb, içəri keçməklə
yoruluruq. Qolumda bir saat yoxdur. Taxmaq istəmirəm biləklərimə zamanı.
Yaşamaq istədiyimin fərqindəyəm. İntiharlar üçün heç bir səbəb yoxdur. Deməli
bu hissədə şanslı insanam?! Bax dostum, önümdə duran qapıları açmaq deyəsən
bezdirici hala çevrilir. Gələcək dediyimiz əslində özü gəlir. Yəni sənə demək
istədiyim odur ki, zamana burax hər şeyi. O, önündəki qapı da zamanı gələndə
özü açılacaq. Tələsirik, lənət olsun ki, çox tələsirik. Üstəlik, bəzən keçmişin
qapılarını qurdalayırıq. Bəzən istəmədən qulpundan tutub açırıq. Dostum, bəs
niyə o, qapıdan içəri daxil oluruq?! Nəyə lazımdır axı keçmiş qapıya əl vurmaq?!
Yox... Mən deyəsən başa düşürəm. Biz insan varlıqları öz-özümüzə əzab verməyi
sevirik. İki saat günün xoş getsə, qalan saatı cəhənnəm kimi yaşamağa sanki
borclu olursan. Hey... Ordasan?! Sənə bir söz deyəcəm. İndiki zamanda yaşamaq
daha gözəldir. Nə bilim, bəlkə də bunun adını mükəmməllik qoymalıyam. Yox...
Yox... Çox mükəmməldir deməliyəm. Özünü zamanın qanadlarına atmaq. Və sən gələcəyə
doğru uçmursan. Sadəcə yerindəcə durursan və gözləyirsən ki, gələcək özü gəlsin.
Bir də ayılıb görürsən ki, gələcəyin qapısı öz-özünə açılır.
Səni çox istədiyimi bilirsən. Axı sən mənim
içimdə yaşayan bir insansan. Görünməz bir insan. Sadəcə daxilimdən gələn bir səssən.
Əgər hələ də məni dinləyirsənsə, sənə bir dənə də fikir söyləmək istəyirəm. Bu
dünya təkcə pis insanların əlində ölmür. Yaxşılıq etməyi istəyən, amma bunu etməkdən
çəkinən şəxslərin əlindən də yaralanır. Onlar elə hey yaxşılıq etmək üçün xəyallar
qururlar. Lakin güvənsizlikləri görüb, xəyallarında saxlayırlar. Dünya həmin
insanlara ümüd edir həmişə. Amma onları belə görəndə, yaralanır. Ümüdünü gündən-günə
əridir. Bəlkə də bu həyata sadəcə yağış yaraşır. Keçmişdən yox, gələcəyə yaxın,
indiki zamanın sərhədsiz sahəsində təbiəti hiss etmək deyəsən hər bir insan
üçün rahat olacaq. Qapıları bəlkə də özümüz açmağa tələsməməliyik. Zaman, nə qədər
zəhərli bir dərman olsa da, ehtimalı hələ də var ki, xeyirli bir ölümə aparsın.
Yorumlar
Yorum Gönder