Ceyhun Məmmədov-Beşinci fəsil
Sanki sərhədi olmayan bir səssizlik çöküb
daxilinə. Qurtarmayacağını düşünürsən. Bir səs axtarırsan. Ya da özün vəhşicəsinə
bağırmağa başlayırsan. Ən yaxşı üsul dəniz kənarına qaçıb, sahil kənarında bağırmaqdır. Elə bu zaman qəhvəyi gözlü bir
qadın gəlir. Tanımırsan. Sarılır sənə. Gözlərinə yenidən baxmaq istəyirsən.
Sonra saçlarına toxunursan. Mən yalnızam, bəs sən? sualını ünvanlayırsan
qadına. Elə bu zaman o, səsini çıxardır. Amma qarışıq bir səs eşitmiş olursan.
Sonra ətraf bulanıqlaşır. Və bir qapı səsi gəlir. Kimsə qapını döyür. Bu ərəfədə
də sən yatağından yıxılırsan. Qarşında bir güzgü varsa, ona bax və ordakı
simaya axmaqcasına gül. Onda sənə çatacaq ki, bu sadəcə yuxu idi. Qəhvəyi gözlü
bir qadın, tanımadığın bir şəxs sənə yuxuda sadəcə sarılmışdı. Başla lənətlər
yağdırmağa. Bütün hirsini qapı arxasında olan şəxsin üzərinə at. Çünki o, səni
yuxudan oyatdı. Gətirdiyi çörəyə görə də hirslə, “çox sağol” de və qapını
bağla. Yeməyini çox tələsik ye. Lakin tələsəcək bir yerin yoxdur ki, sənin.
Ağlından çıxmır o, qadın. Halbuki yuxuda idi. Fikrində tutmusan ki, yeməyini
bitirən kimi o, qəhvəyi gözlü qadını axtarmağa çıxacaqsan. Yalnızlıq üzərindədir.
Elə geyindiyin o, qolu yırtıq pencəkdən bəlli olur. Bir aydır ki, pencəyini dərziyə
apara bilmirsən.
Yalnızsan, çox bərbatcasına. Elə yalnızsan ki,
bir dənə qız sənə xoş davransa, aşiq olduğunu zənn edəcəksən. Və başlayacaqsan
şeir yazmağa. Sonra etiraf edəcəksən. O, qədər yalnızlıq fəslində oturmusan ki,
bütün qadınların getmək üçün gəldiklərini yaddan çıxarda bilməyəcəksən. Çünki
yalnızlıq fəslinə səbəbsiz daxil olunmur. Qadınlar kişilərə görə, kişilər isə
qadınlara görə yalnızlıq fəslindəki boş bir skamya da əyləşirlər. Ancaq hamı
eyni yerdə olur. Eyni şəhərin, eyni havasını udursunuz. Lakin, ayrılığı birlikdə
yaşaya bilmirsiniz. Bunların hamısı sonradan sənə tragikomediya kimi gələcək.
Özünü nə qədər zəhərləsən də, geriyə sadəcə yalnızlıq qalır. Ya sən, ya da o.
Biz onsuzda hamımız bir gün yalnız olacayıq. Çünki yalnızlıq, ölümün əks
üzüdür. Gec ya tez, heç bir fərqi yoxdur. Yalnızlığı dadmamış, sevdiyin şəxsin
gözlərinə doyunca bax. Qoxla saçlarını, amma onun yanında qətiyyən danışma beşinci fəsildən.
icden gelenler.
YanıtlaSil