Ceyhun Məmmədov-Yarımçıq Saxlama
Nə edirsinizsə edin, amma bircə yarımçıq
saxlamayın. Sevirsənmi?! Günəş batdıqdan sonra cümlələrini hazırla. Və yeni bir
günəş doğmamış qarşındakı insana hədiyyə elə kəlimələrini. Bir hədiyyə kimi
düşün. Saf, təmiz bir hədiyyə. Qorxma, bu zaman qabırğan qırılmayacaq, dərin
soyulmayacaqdır. Ölüm hadisəsinə isə heç yer yoxdur. Kədərmi?! O, onsuzda
müşkül bir məsələ deyil. Əsas olan yarımçıq saxlamayacaqsan. Tamamlanmasına
icazə verəcəksən. Bu çox rahatladacaq səni. Bütün məsələ daxilindən
çıxartmaqdır. Bilirsən?! Kəlimələri hədiyyə etmədiyin hər bir dəqiqə, dərinin soyulmasından
da daha betər əzablar içində olursan. Burda sadəcə daxilindəki təbiətin
fırtınaları rol oynayır. Uçqun, daşqın, tufan, yağış, qar, külək və s. bunların
hamısı birlikdə reallaşır. Qarşındakı insana sevgini hədiyyə etməsən, içində
saxlasan o, yarımçıq bir hal alır və tək-tək yox, daxilindəki təbiətin bütün mənfi
hadisəsi birlikdə yaşanır. Bax belə olur içindəki təbiətinin havası. Nə
oturmusan?! Sevginin tamamlayıcısı özün deyilsən. Sevdinmi?! Bax onda
tamamlanmasına icazə verəcəksən. Yoxsa oturub gözləməklə deyil. Ya sev tamamla ya
da ki, sevgi adlı şəhərlərə yola çıxma.
O, tərəflərdə pişik öldümü?! Uşaqlığım zamanı
qaçıb, gedən pişik var. Yadıma düşür anam demişdi ki, onların ölümü gələndə
qaçıb gedirlər dogma yerlərdən. İndi də düşündüm ki, insan da axı ölümü hiss eləyir.
Görəsən bizlər də doğma yerlərdən, doğma insanlardan uzağa gedərək ölməliyik?! Məsələn:
Tolstoy kimi etməliyik?! Ölüm... Ölüm... Ölüm, həyatını tamamlayan bir hissədir
əslində. Yaşamaq yarımçıqdır. Ölüm gəldiyi zaman isə tamamlanırsan. Bu da bir həyat
teoremidir. Qeyd elə bir yerə.
Qısaca, çox yormaqda istəmirəm sizi. Sadəcə
bunları tez-tez xatırlamağa çalışın. Sadə xüsusiyyətlərdən tutmuş, mürəkkəb məsələlərə
qədər heç nəyi amma heç nəyi yarımçıq saxlamayın. Xoşbəxtlik... Xoşbəxtlik deyirsən.
Tamamla bütün yarımçıq hərəkətlərini və onda müddətlik də olsa da özünü xoşbəxt
hiss edəcəksən. Mənə lazım olan isə səssizlikdir. Mənim xoşbəxtliyim, mənim
daxilimdəki səssizliyimdir. Fırtına yoxdursa, gəmini dənizə buraxmaq olar.
Xronoloji olaraq yox, bioloji olaraq gənc qalıb heç nəyi yarımçıq saxlamayın.
Yaxşı... Hələlik bu qədər. Başqa kəlimələrdə görüşənə qədər.
Yorumlar
Yorum Gönder