Ceyhun Məmmədov-Yalnızlıq deyir ki

 
  Yalnızlıq, deyəsən gəmilərin getməsindən sonra limanları yandırmaqdır. Sonra küllərinə baxmaq. Eyni anda gülüb, eyni zamanda kədərlə sevişməkdir. Bəlkə də öz-özünlə danışmağın bir səbəbidir. O, deyil də. Bizlər niyə hələ də yalnızıq?!
  Xoşbəxtliyi qısqandırmaq deyə bir şey vardır. Amma hər kəsin belə bir şansı yoxdur. Məsələ burasındadır ki, niyə belə bir şans olmur hər kəs də?! Bu gün yalnızlıq məktub yazmışdı. Özünü çox tərifləyirdi. “Cəhənnəmə qal deyə” bir cümlə yazdım. Buna görə 5 dollar poçtalyona verdim. Bir cümləni yalnızlığa məktubla göndərmək üçün 5 dollar xərcim çıxdı. Amma onun göndərdiyi məktubu heç cırıb, ata bilmədim. Tozlu masamın üzərindən gözlərim onun kəlimələrinə baxırdı. Oxu... Oxu... doymayacaqsan deyə bir hiss bəxş edirdi mənə. Peşman oldum elə bir məktub göndərdiyimə görə. Çünki təkrarən məktubu oxuyanda bir doğmalıq hiss etdim ona qarşı. O necə oldu bilmədim. Yalnızlıq, bəlkə də simasını bilsəydim yolda qarşıma çıxan kimi ağzı-burnunu dağıdardım. Sonra isə onu ayağa qaldırıb qucaqlayardım. Lənətə gəlməsin elə gözəl özünü ifadə edib ki, məktubda. Lap elə ağlamağım gəldi. Deyir ki, mən sənin kürəyinin arxasından səni yıxılmamağa qoyan bir divaram. Sənin səssiz musiqinəm. Bütün yollarda mən varam. Hamı çıxıb gedər ancaq mən gedə bilmirəm, bacarmıram. Yağış damlalarından üzünə axan bir kədərəm. Küləklə rəqsdə olan bir yarpağam. Ən əsası da mən sıfır rəqəmiyəm. Nə qazanıram nə də ki, itirirəm. Gecələr mənimdir, gündüzlər isə kölgələrin içində oluram. Bütün sevişmələrdə mən varam. Ölümün elçisiyəm unutma məni.
  Poçtalyonun arxasıyca qaçırdım ki, o məktubu yalnızlığa aparıb, çatdırmasın. Yolun ortasında dayanıb, təngə nəfəs olmuşdum. Sağıma-soluma baxırdım. Amma poçtalyon ortalıqda yox idi. O, zaman anladım ki, ikinci bir məktubu yalnızlığa yazıb göndərməliyəm. Üzrxahlıq olsun deyə onu çay içməyə dəvət etməliyəm. Bəlkə də birlikdə film də izləmiş olarıq. Görəsən popkorn sevir?!
  Evə yenicə çatmışdım ki, zəng gəldi. Zəngə cavab verməməyi düşündüm. Çünki ikinci məktubu yazmalı idim. Ancaq gördüm ki, telefon öz səsini kəsmək istəmir. Alo... demək məcburiyyətində qaldım. Telefonda danışırdı yalnızlıq. Deyir ki, mən sənin təsəlliyə dayanan üzünəm, bəhanələri sevən dilinəm. Mən sənin elə özünəm. Və cümlələrini bitirən kimi üzümə qapadı telefonu. Hər şeyi yaxşı başa düşmüşdüm. Ondan idi elə indicə bu təəccüblənməyim. O, deyil də. Onun səsi niyə mənim səsimlə eyni idi?!

Yorumlar

Bu blogdaki popüler yayınlar

BİZ BELƏ DEYİLİK, HƏYAT BELƏDİR

Müəllim və Rüşvət

Ceyhun Məmmədov-Dünya sənin ətrafında dönür