Ceyhun Məmmədov-Oyuncaqlar
Gözləntilərimiz
var. O, qədər qısa bir həyatımız var ki, hələ bir də gözləməyi bacarırıq. Zaman
qolumuza taxılmış bir qandaldır. Gözümüzü hər səhər açdıqda saata baxmalıyıq. Bəlkə
də bizi yoran saatlardır. Və mən yorulmaq istəmirəm dedikcə sanki yüküm
ağırlaşırdı.
Deyəsən
daha gözləntilərə meyilli deyiləm. Gələcəyin,
indiki zaman olduğunu anlamaq çətin olmadı. Gecə, günəşin çıxmasına görə
ölürdü. Bir sabahımız var ancaq deyə düşünmək ürküdücü görsənmir əslində. Sadəcə
dar-çərçivəli düşünməmək buna bəs edirdi. Gözümüz tox deyil, anlaya bilirəm.
Günəş pəncərəmizə sataşan kimi, o dəqiqə pul qazanmağı düşünürük. Ya da karyera,
diplom və s. Bu cür oyuncaqlarla başımızı qatmağı planlaşdırırıq. Önəmli olan hər
bir şeyi arxa plana atmağı bacarırıq. Nəfəs almaq vacib deyildi. Vacib olan dərindən
yaşamaq idi. Hər kəs bacarmır bunu. Bəlkə də heç zaman hər kəs bacarmayacaq
statusunu deyə bilərəm. Həyatda qalmaq pulla ölçüləcək bir dəyər deyildi. Kifayət
edəcək qədər pulumuz olsun düşüncəsinə sahib ola bilmirik. Artıq, sadəcə
artığını istəyirik. Xirtdəyimizdə qalacaq qədər pul qazanmağı düşünürük.
Halbuki bunların hamısı ucuz idi. Ucuz olmayan isə səhər yeməyini iştahla,
gülümsəyərək, böyük sevinclə qarnımızı doydurmaq olacaqdır. Əlimizə bir kitab
alıb, səssiz məkanların içində itməyimiz də ucuzluğa daxil deyildi. Qucaqlaşmağımız,
gülməyimiz, sevişməyimiz zamandan kənar bir şeylərdir əslində. Və zamandan kənar
olan hər bir xüsusiyyət çox dəyərli idi. Zamana daxil olan isə oyuncaqlardır.
Universitedlər, rəngbərəng şirkətlər, bahalı brend geyimlər, maşınlar bu kimi
çox şeyləri saymaq olar. Havadan pul qoxusu gəldi! Bunların kökü pula dayanır.
Çünki oyuncaqlar sadəcə pulla alınır. Amma sevgi, rahatlıq, səssizlik pulla
alına bilməyəcək dəyərlərdir. Çünki bunların içində sərhədlər yoxdur.
İmtina
etmək sərhədsizliyə çıxmaq idi. Bunu bacarmalıyıq! Nəyə görə oyuncaqlar bizə
ağır yüklü görünür? Ona görə ki, özümüzü aldatmağı bacarırıq. Önəmsəmək istəmədiyimizi,
məcburən gözümüzdə böyüdüb yük halına gətiririk. Həmin ərəfədə yükümüzü görsək
və imtina edə bilsək azadlıq hissini, sərhədsizliyi, rahatlığı özümüz üçün təmin
etmiş olarıq. Ya oyuncaqları biz özümüz sındırıb, tapdalamalıyıq ya da ki,
oyuncaqlar bizi əzmiş olacaqdır. Cəsarətdən bir çox insan danışır. Və əsil cəsarət,
çiyninə ağırlıq verən yüklərdən imtina etməkdir. Çünki,
o yükləri əslində sən istəmirsən. Onu ya valideynlərin, ya da içində olduğun
sürü psixologiyası tələb edir. Hər iki halda özünü aldatmağı bacarmaq əslində fərasətli
olmaq deyildi. Sadəcə nəfəs almaq yaşamaq demək deyil, unutma. Kapitalizm, köləlikdən
dərs keçir. Unutmadan bunu da deyim ki, rənglər aldadıcıdır. Oyuncaqlar əgər
çox rənglidirsə, başa düşməyə çalış ki, səni əyləndirməyə yox, ələ salmağa
çalışırlar.
Beynindəki fikirlər sənə məxsusdur. Onları səndən heç kəs uzaqlaşdıra
bilməz. Ağzını açıb, ətrafa heyranlıqla az baxsan hər şey yoluna düşə bilər. O,
beynindəki fikirləri bir kərpic kimi düşün. Əgər düşündünsə onda öz dünyanı
hörməyə başla. Sonra oranı bir cənnət elə. İçəri heç bir insanı buraxma. Çünki
o cənnət cəhənnəmə çevriləcəkdir. Bəsdir daha oyuncaqlarla oynadın. Onları at
yatağın altına!
Yorumlar
Yorum Gönder