Ceyhun Məmmədov-“Pəncərə”(hekayə)
Adım
Emilia, 18 yaşım var. Mən kimsəsizlər yurdun da böyümüşəm. İndi tək-tənha bir
evdə yaşayıram. Kiçik bir dünyam da böyük bir kitabxanam var. Mən dünyamı
kitablarla qurdum. Hə, unutmamış onu da deyim. Dünyamın qurulmasında rəqs etməyimində
rolu böyük oldu. Sanki yerimdə dövr edərək dünyamın kənarlarını qurdum. Və
kitablarla isə dünyamın içini rənglədim. Dağıldımı heç o, dünya?! Əlbəttə
dağıldı. Dəfələrcə zərbə altında oldu dünyam. Amma mən yenidən onu inşa etdim.
Bir çox hadisələrlə qarşılaşdım. İnsanları təəccübləndirdim. Bilmirəm necə
bacardım bunu. Amma məndə çatışmayan bir xüsusiyyətimlə hər kəsi təəccübləndirdim.
Bir
yay günü idi. Dağılmış, sökülmüş vəziyyətdə olan bir küçədən keçirdim. Əllərimi
havaya qaldırırdım və endirirdim. Bir quşun qanadlarını çırptığı kimi. Daxilimdə
bir musiqi ilə mırıldanırdım. Əslində musiqi bərbad idi. Amma mən yerimdə durub
birdən dönməyə başladım. Bu mənim çox xoşuma gəldi. Sonra gözlərimi bağladım.
Adı olmayan bir musiqinin altında rəqs etməyə qərara gəldim. Əllərimi bir quş
kimi açırdım. Ayaqlarım bir sağa və bir sola gedirdi. Özümü buludların yanında,
bir Tanrı ilə rəqs etdiyimi düşünməyə başladım. Ancaq bu rəqs bilirdim
dayanacaq. Gözlərim birdən qaralmağa başladı. Və mən özümü tozlu küçənin üzərinə
yıxmağa məcbur oldum.
Siz
çox danışan varlıqlarsınız?! Çünki səhərdən burda həkim dodaqlarını necə sürətlə
tərpətdiyini görə bilirəm. Udqunmağa başladım. Hiss edirdim ki, həkim artıq
qışqırır. Daha doğrusu görürdüm. Əllərimi havaya qaldırıb, həkimə hərəkətlərimlə
lal olduğumu və bu dünya da bir səs belə eşitmədiyimi izah etdim. Gördüyüm qədəri
ilə daha danışmırdı. Çünki dişləri ilə dodaqlarını dişləyirdi. Və birdə əlləri
ilə alnına vururdu. Çünki səhərdən qışqırırdı. Yəqin ki, bezmişdi. Eh… Bu şəhərdə
deyəsən həkimlər də əsəbidir. Məni müayinə etdilər. Və sonra əlimə bir kağız
qoydular. Üzərində bir dənə yazı mənim həyatıma güllə kimi təsir etdi. “Siz qan
xərçəngindən əziyyət çəkirsiniz”. Bingo… Jeton düşmüşdü artıq. Lal dilini bilən
bir həkim otağa daxil oldu. Və mənə həyatımın qalan müddətini izah etdi. Mən bu
müddəti sizə ilnən deməyəcəm. Çünki ilnən deyəndə çox qısa görsənir. Özüm
narahat oluram. Mən uzadaraq deyəcəm həyatımın müddətini. 122 gün qalıb ömrümə.
Geri sayım o vaxtdan başlamışdı. Evə çox bikef halda qayıtdım. Beynimdə tək bir
sual var idi. 122 gün ərzində nə edə bilərəm? Qərara gəldim ki, bir siyahı
tutum. Sizcə siyahıda nə yazmışdım?! Gəlin deyim sizə. Öncə rəqs etməyi öyrənmək,
sonra çoxlu kitablar almaq, velosipedlə gecə yarısında gəzmək, dilini başa düşmədiyim
insanlarla doyunca gülmək və sonuncu istəyim bir insana aşiq olmaq.
Biz
insanlar nə isə itirən zaman daha çox qədrini bilmiş oluruq. Biz elə
varlıqlarıq ki, bir çox şeyləri növbəti səhərlərə qoyuruq. Bu gün qalsın sabah
edərəm fikri ilə yaşayan insanlarıq. Və birdə təsəllimiz var. Məndə də var idi.
Alın yazım səhv çıxsın deyə buludlara dua edirdim. Amma Tanrı bir şeyi yazırsa,
niyə onu sonradan dəyişmək qərarına sahib olsun ki?! Nə isə... Siyahımda ilk
yer alan rəqs etməyi öyrənmək qərarına gəlmişdim. Öncə bir səs yaratdım. Amma
bu dünya üçün yox. Öz dünyam üçün. Fərdi bir dünyamın gözəl olduğunu təyin
etdim. İçinə biraz musiqi qatdım. Sonra öz dünyamda rəqs etdim. Çıxırdım
günortalar küçəyə. Bizim aşağı məhlə də musiqiçilər var idi. Onlar öz
dünyalarında ifa edirdilər və mən də öz dünyamda rəqs edirdim. Ancaq bir şey məni
təəccübləndirirdi. Ətrafıma toplaşan insanlar mənə baxıb əl çalırdılar.
Musiqiçilər sanki, mənim hərəkətlərimə baxaraq musiqini ifa edirdilər.
Maraqlıdır, görəsən fərdi dünyamdakı musiqi ilə eyni idi, onların ifa etdikləri?!
Siz
bir yaşınızı xatırlayırsınız?! Və yaxudda biraz geriyə gedək. Məsələn: dünyaya
göz açdığınız ilk saniyələrə. Xatırlaya bilmirsiniz hə?! Məndə xatırlaya bilmirəm.
Ancaq çox istəyərdim xatırlayım. Çünki anamdan bir xatirə görüntü qalmalı idi.
Mən anamı və atamı dünyaya gəldiyim ilk saniyələrdə itirdim. Anam, doğum
sırasında dünyasını dəyişdi. Atam isə, xəstəxanaya gələn zaman yol qəzasına
uğradı və yerindəcə öldü. Mən o, gündən etibarən tək qaldım. Çoxlu insanların
olmasına baxmayaraq. Beş yaşında idim. Hər kəs oynayıb qaçırdı. Mənə tək bir
şey maraqlı idi. Dünyanın səsi mənim üçün hardadır?!
Velosipedi,
çox sevirəm. Bu dünya da etmək istədiklərimi mütləq edəcəm deyə öz-özümə söz
vermişdim. Çünki ürəyim dayandıqdan sonra, beynimin bir neçə saniyə daha işləməsi
peçmançılığımın nümunəsi olacaqdır. Ən azından etmək istədiklərimi edim ki,
peşmançılığın dərəcəsini azaltmış olum. Və mən gecələr ard-arda bir neçə gün
velosipedlə şəhərdə gəzdim. Bilisiniz?! Necə maraqlı idi. Çoxlu və tələsən insanlar
yox idi.
Əslində,
insanların üzünə baxmağı sevirəm. Ən əsasda mənim dilimi bilməyənləri çox sevirəm.
Heç, bilmirəm bu sevgi hardandır. Mən gündüzlər şəhərə çıxaraq, tanımadığım
insanlarla gülməyə başladım. Əsas odur ki, ürəyimcə gülmüş oldum. Yadıma gəlir
bir cütlüyə yaxınlaşmışdım. Mən öz dilimlə danışırdım, onlar isə öz dilləri ilə,
yəni dodaqlarını tərpədirdilər. Sonra birdən dayanırdım və gülməyə başlayırdım.
Onlarda gülürdülər. Sanki məni başa düşürmüşlər kimi. Sonra bütün insanlarla qucaqlaşırdım. Bu dünyada əbədi
qalmayacaq insanları sevmək lazımdır məncə.
Həyatımdan
31 gün getmişdi. Geriyə sadəcə 91 gün qalmışdı. Və mən kitabxanamı artıq
yaratmışdım. Bilirsiniz, nə qədər kitablarım var?! Amma çoxusunu paylaşmışam.
İnsanlar hələ də qaytarmayıblar kitablarımı. Ancaq buna üzülmürəm. Onsuzda qəbrimə
aparan deyildim kitablarımı. Məncə kitabları özümüzdə saxlayaraq onları dustaq
edirik. Paylaşdıqda isə başqalarının maarriflənməsinə səbəb oluruq. Mən qərara
gəldim ki, öldükdən sonra kitablarımı pulu olmayan insanlara versinlər. Necə ki,
orqanlarımı ehtiyacı olanlara köçürəcəklər, eləcə də kitablarımı da
paylaşsınlar deyə qərar almışdım. Bu iki əməli bir kağıza yazıb masanın üzərinə
qoyacam. Orqanlarım ilə kitablarımı kasıb insanlarla paylaşsınlar deyə.
35-ci
günün üzərində idim. Yenə də kitab dükanından çıxırdım ki, bir oğlana dəydim və
aldığım kitablar yerə töküldü. Dodaqlarının tərpəndiyini gördüm. Yəqin ki,
bağışlayın xanım deyib. Mən sadəcə gülümsədim ona. Və arxamı dönüb getməyə
başladım. Küçənin arasına çatanda gördüm kimsə qolumdan tutdu və mənə bir kitab
uzatmış oldu. Kitabın üzərində bir not var idi. Sizin səssizliyinizə bir neçə
saatlıq qonaq ola bilərəm? Gözlərimi ona tərəf çevirdim və başımla təsdiqlədim.
Mənim eşitmək problemimin olduğunu dükançı demişdi. Bunu elə ondan öyrənmiş
oldum. Biz o, gündən sonra tez-tez görüşməyə başladıq. Bir-birimizə kitablar hədiyyə
edirdik. Söhbətimiz isə bir vərəq üzərində olurdu. Kiçik vərəqlərin içində
ünsiyyət qururduq. Yadıma gəlir ilk dəfə yanağımdan öpmüşdü. Çox qızarmışdım
onda. Eh... Günlər... Günlər... Çox xoşbəxt idim. Bir anlıq öləcəyimi unutmuşdum. O, mənə rəqs
yarışmasında iştirak etməyi təklif etmişdi, bunu çox gözəl xatırlayıram. Məndə
ki, ona sürpriz etmişdim. Rəqs etməyi bacardığımı ona məşq etdiyimiz zaman göstərmişdim.
Çox təəccüblənmişdi. Biz bir cütlük kimi yarışmada iştirak etdik və hətta 2-ci
yerə belə sahib olduq. Həyatım parlayırdı, sevdiyim insan da bu dünya da
olmuşdu deyə çox sevinirdim. İki fərqli dil, amma eyni zamanda döyünə bilən ürəklər
idik biz. Həyatımın sayılı günlərini unutmuşdum xoşbəxtlikdən. Ancaq onun ölümü
hər şeyi yenidən xatırlatdı mənə. Və növbəti sevdiyim insanı itirmiş oldum. Sən
demə o, da xərçəng xəstəliyindən əziyyət çəkirdi. 79 gün bitib tükənmişdi həyatımda.
Geriyə qalan günlərdə nə isə edəcəyimi düşünmürdüm. Amma gözləmədiyim halda
yenidən həyata qarşı parlamağa başladım. Onun ölümündən iki həftə sonra evimə
balaca bir qız uşağı gəldi. Bu onun bacısı idi. Gözləri onun kimi parlayırdı. Və
sanki onu mənə xatırladırdı. Balaca bacısından mənə danışmışdı. Amma heç görmək
qismət olmamışdı. Və elə o gün anası ilə birgə yanıma gəlmişdilər. Həyatımı
yenidən canlandırdım. O, balaca qıza rəqs etməyi öyrətmişdim.
122-ci
gün...
Sizə hekayəmin son cümləsini 122-ci gündən
yazacam. Yəni bu gündən. Mən hal-hazırda sizə hekayəmi danışdım. Sağ qalacağımı
düşünməyin, çünki pəncərə qarşısında durub çox pis öskürürəm. İndi birazdan həkimlər
gəlib aparacaqlar məni. Zəng etmişdim o, ağ xələtli varlıqlara. Son dəfə bu pəncərəmdən
baxıram. Əslində bu pəncərəni həyatla əlaqələndirirəm. Necə ki, burdan məhləmizə
baxıram, eləcə də beynim də bir dünyanın görüntüsünü izləmiş haldayam. Və bu
görüntü bu gün bitəcək, hiss edirəm.
Əlimə
bir çəkic götürdüm. Pəncərənin kənarında dayanıb son dəfə mənzərəni izlədim.
Qaçışan buruq saçlı qızcığaz, topunu balaca bir oğlandan ala bilmirdi.
Ağlayırdı... Amma çox pis ağlayırdı. Sonra gördüyüm mənzərə dəyişdi. Oğlan
qızın topunu geri qaytardı. Və onlar birgə oynamağa başladılar. Həyat bəlkə
bizimlə bu cür oynayır. Əvvəlcə ağladır, sonra əzizləyir. Bir şeyi öyrəndim həyatdan.
Heç vaxt dəyişməyəcək bir şey var idi. Həyat, elə insanın özü üçün qurduğu bir
fikirlərdən ibarət idi. Çəkici havaya qaldırıb, həyatın mənə illərcə vurduğu zərbəni,
mən də pəncərəyə vurdum. Qırıq olmuş şüşələr ətrafa saçıldı. Otağımın pəncərəsinin
sonu kimi, mən də bu dünyanın sonu oldum.
Yorumlar
Yorum Gönder